Rulet Bişirmək Qaydası

Rulet Bişirmek Qaydası – 10 incəlik
Rulet bişirmək olduqca asan görünsə də, əslində sadəcə rulet bişirmək qaydasını bilənlər üçün asandır. Tort biskvitlərində və kekslərdə qabarmaq problemi olduğu kimi ruletlərdə də çatlamaq və kağızdan aralamaq problemi var. Belə ki…
1. Ruletin yumurta ağını və sarısını ayırmaq vacib deyil, amma şəkər tozu ilə birlikdə azı 7-8 dəqiqə çalmaq lazımdır.
2. Əsas ərzaqlarını öz istəyinizə görə artırıb və ya azaltmayın. Çünki məsələn, çox şirin sevdiyinizə görə şəkər tozunu lap çox əlavə etməyiniz biskvitin çatlamağına səbəb olacaq.
3. Mütləq yağlı bişirmə kağızı sərilmiş listdə bişirilməlidir.
4. Biskvitin səliqəli bişməsi üçün əvvəla, yağlı kağızı listə sərmədən öncə listin hər tərəfini fırça ilə azacıq yağlayın ki, kağız listə tam yapışsın. Çünki tam rahat yerləşdirilmiş kağızda rulet daha səliqəli bişir və beləliklə, bişdikdən sonra kənarlarının əyrilərini kəsərkən xəmirin çoxu itkiyə getmir.
5. Gəldi növbə ruletin ən əsas tərəfi olan biskviti kağızdan aralamaq probleminin qarşısını almağa. Çoxumuz onsuz da “yağlı bişirmə kağızı” aldığımız üçün kağızı yağlamırıq. Amma mənə görə o kağızların öz yağlılıq dərəcəsi yetərincə deyil. Əgər hec əziyyət çəkmədən, tam rahatlıqla qopsun istəyirsinizsə, kağızın üzərini də fırça ilə azacıq yağlayın və hətta üzərinə biraz un səpin. Beləliklə, 1 saniyədə və didik-didik olmadan qopacaq.
6. Soba dərəcəsinə və bişmə müddətinə gəldikdə, hər nə qədər standart dərəcələr və vaxtlar verilib bu standartlardan kənara çıxılmamağı məsləhət görülsə də, bu düzgün deyil. Çünki hər kəsin soba istiliyi tam fərqlidir. Bir sobanın 190°C-si digər sobanın 160°C-si kimi ola bilir. Ona görə də sadəcə hər kəs öz sobasının dilini yaxşı bilməli və nəzarətli bişirməlidir. Standart dərəcə və vaxt: 170°C / 15 dəqiqədir. Amma bütün sobaları nəzərə alsaq, bişmə müddəti 10-17 dəqiqə arası dəyişir. Siz nəzarət edin və içi bişib üzü qızaran kimi artıq sobadan çıxardın. Çünki sobada nə qədər artıq qalsa, o qədər quru olacaq və bükərkən çatlayacaq.
7. Kağızı biskvitdən aralamağın 2 yolu var. Ya bükərkən yavaş-yavaş aralanır. Ya da isti halda üzərinə bir yağlı kağız daha sərilir (bu dəfə kağızı özünüzün də yağlamağınıza ehtiyyac yoxdur), tərs çevrilir və altdakı kağız ehtiyyatla qoparılır. Bu daha asan üsuldur, amma çox da fərqi yoxdur.
8. Kağızı qopardıqdan sonra biskvit isti halı ilə bükülməli (kağızı bükərkən qoparacaqsınızsa, kağız çöldə qalacaq şəkildə bükün) və təxminən 20-30 saniyə o şəkildə saxlanıb açılmalıdır ki, şəklini alsın. Əks təqdirdə olduğu kimi soyuyacaq və bükdüyünüzdə çatlayacaq.
9. Arasına çəkəcəyiniz kremi, cemi və s. biskvitin qaynar halında yox, ilıq və ya soyuq halında çəkin.
10. Son olaraq ediləcək bükmə işindən öncə isə biskvitin səliqəsiz hissələri bıçaqla səliqəli kəsilir və bükülüb soyuducuya qoyulur. Dadlı olmağını istəyirsinizsə, azı 2-3 saat və ya vaxtınız varsa, 1 gecə soyuducuda saxlamağınız məsləhətdir.