Turşuların hazırlanması qaydası
Turşu qoymaq üçün 9 faydalı məsləhət
1. Turşunun duz miqdarını tənzimləməkdə çətinlik çəkirsinizsə, turşu üçün duzlu su hazırladığınız qabın içərisinə 1 ədəd təzə yumurta qoyun və yavaş-yavaş duz əlavə edin. Yumurta suyun üstünə çıxdıqda, deməli, duzun miqdarı lazım olan qədərdir. (Yumurtanın təzə olmağı şərtdir, çünki boyat yumurta duz əlavə etməsəz belə suyun üstündə duracaq.)
2. Əgər turşunuzun suyunun duzu normaldan çox olubsa, soğanı halqa-halqa doğrayıb turşunun üstünə düzün, soğanın üzərinə isə biraz zeytun yağı gəzdirin. Beləliklə, soğan artıq duzu canına çəkəcək.
3. Turşunun daha ləzzətli olması üçün tərəvəzlər duzlu suyu canına çox yaxşı çəkməlidir. Bunun üçün sərt tərəvəzləri bir neçə yerdən deşmək lazımdır. Məsələn, xiyar turşusunda xiyarı bir neçə yerdən deşmək lazımdır. Lobya turşusunda isə lobyaların “baş” hissəsini biraz kəsmək kifayətdir.
4. Turşulara bir neçə ədəd dənəli qara istiot, quru şüyüd və ya dəfnə yarpağı əlavə etmək də turşuların ləzzətini daha da artırar.
5. Turşularda narın duz istifadə etməyiniz məsləhət deyil. Çünki narın duz turşunun tez yumşalmasına səbəb olur. Yumşalan turşu isə qısa müddətdə xarab olur.
6. Konservləşdirilmiş turşu qapağı açıldıqdan sonra qısa vaxt ərzində ləzzətini itirməyə başlayır. Ona görə də turşunu iri balonlarda bağlamaq yerinə balaca (kiloluq) bankalarda bağlamaq daha məsləhətlidir.
7. Kələm, badımcan və s. kimi konservləşdirilməyən turşuları isə kapron qablarda yox, şüşə qablarda qoymağınız sağlamlıq baxımından daha məsləhətlidir.
8. Konservləşdirilməyən turşunun tez tutmağını istəyirsinizsə, içərisinə bir neçə ədəd noxud əlavə edin.
9. Turşu sərin və qaranlıq yerdə saxlanılmalıdır.