Çizkekin Hazırlanması
Cizkekin Hazırlanması – 9 incəlik
Dünyaca sevilən Çizkek (ing. Cheesecake, “pendirli keks“) min illərdi Avropada hazırlanan bir şirniyyatdır. Uzun illər adi pendir ilə hazırlansa da, ilk dəfə Amerikada (New York’da) krem-pendir ilə hazırlanıb və bu günkü gündə çizkek krem-pendir ilə hazırlanır. Çizkeykin bir çox növü var. Alt qatı qurabiyə və fındıq qarışığı, ara qatı pendirli qarışıq və üst qatı isə (istəyə görə) müxtəlif meyvə və ya şokolad sousları ilə hazırlanır. Eyni zamanda bişirilən və bişirilməyən çizkeyklər var. Bəzi incəliklərinı bildiyiniz halda asanlıqla və çox dadlı çizkeklər hazırlayacaqsınız. Çizkek bişirmək tort bişirməkdən daha asandır. Keçək incəliklərə…
1. Çizkek bişirərkən mikser aşağı gücdə və mümkün qədər az istifadə edilməlidir. Çünki nə qədər çox istifadə etsəniz, içərisinə hava qabarcıqları o qədər çox dolacaq və bişərkən üzü çatlayacaq. Ona görə də ərzaqların bir-birinə tamamilə qarışdığını hiss edən kimi çalmağı dayandırmalısınız. Hətta səbriniz çatarsa, mikser yerinə yumurta çırpan ilə çalmağınız daha məsləhətdir.
2. Yumurtalar tək-tək qırılıb çalınmalıdır. Hamısını birlikdə qırıb bir dəfəyə çalmayın.
3. Əgər qonaq süfrəsi üçün bişirəcəksinizsə, mütləq kilidli list istifadə edin ki, səliqəli bir şəkildə listdən çıxara biləsiniz. Dibinə də bişirmə kağızı sala bilərsiniz ki, dibi yapışmasın.
4. Listin ətrafına falqa bükülməlidir ki, kənarları qızarmasın. Əslində kənarları kimi üstü də qızarmamalı deyilsə də, zövqə görə hər iki şəkildə hazırlanır. Amma üstünün qızarmağını istəməsəniz, üzərinə də falqa çəkməyinizə ehtiyyac yoxdur, sadəcə nəzarətli bişirin.
5. Çizkeki sobaya qoyarkən yanında iri bir qabda su qoyulmalıdır. Bu sobanın nəmliliyini tənzimləmək üçündür ki, çizkek quruyub üzü çatlamasın. Amma biraz çatlasa da dərd etməyin, bu deyildiyi qədər də böyük bir problem deyil.
6. Bişirilmə dərəcəsi və müddəti 160°C/40-50 dəqiqədir (sobaların istilik fərqliliyinə görə dəyişə bilir, siz öz sobanızın dilini bilirsiz).
7. Hazır olub olmadığını yoxlamaq üçün listi yavaş tərpədin. Kənarları bərkiyib, orta hissəsi isə biraz silkələnirsə, deməli, hazırdır. Orta hissənin bərkiməyini gözləməməlisiniz. Soyuduqca özü bərkiyəcək.
8. Hazır olduğunu anladığınızda həmin dəqiqə sobadan çıxarmayın. Sobanın qapağı açın və 30-35 dəqiqə o şəkildə saxlayın. Daha sonra sobadan çıxarın. Əgər üzərinə sous tökəcəksinizsə (bu şərt deyil), otaq istiliyinə gəlməyini gözləyin.
9. Çizkek bərkiməsi üçün 1 gecə soyuduca saxlanılmalıdır. Əgər 1 gün vaxtınız yoxdursa, azı 5 saat saxlayın. Bu müddət həm bişirilən, həm bişirilməyən çizkeklər üçün keçərlidir.
Limonlu Çizkeyk reseptim üçün klik edin.